Sunday 13 July 2014

Nəyə görə futbolçular oyundan sonra köynəklərini rəqibləri ilə dəyişirlər?


Futbolçu formasının rəqiblə dəyişdirilməsi idman dünyasında kəşf olunmuş ən maraqlı rituallardan biridir. Dəyişdirilmiş formaların başına çox işlər gəlir. Bunların hər biri özlüyündə ayrıca hekayədir. Yuyulmuş və ya tər qoxan vəziyyətdə evin bir küncündə unudulan, evin ən yaxşı yerində sərgilənən, hədiyyə kimi bağışlanan, aksionda satılan və s. kimi aqibətlərlə qarşılaşmaq mümkündür.


Bəs ümumiyyətlə, bu adətin meydana gəlməsi necə olmuşdur?


1931-ci il 14 mayına kimi Fransa İngiltərə ilə 15 oyun keçirsə də, yalnız 1921-ci ildə qələbə qazana bilmişdi. On illik fasilədən sonra qeyri-peşəkar fransız futbolçular 5-2 hesabla peşekar ingilis futbolçuları üzərində qələbə qazanırlar. Özü də 35 minlik tamaşaçı qarşısında. Deyilənə görə, fransızlar o qədər sevinirlər ki, xatirə olsun deyə, rəqib oyunçulara köynəklərini dəyişdirmək təklifi edirlər. Məğlub ingilislər bunu qəbul etməyə "məcbur" idi. Bu arada, fransızların köynəkləri pambıqdan, ingilislərinki isə ipəkdən imiş. 


Sonuncu Dünya kubokunda hansı ölkə bu ritualı qadağan edib?


Düzgün cavab: İran. 

İran tərəfi bunu oyunçuların artıq israfçılığı ilə izah ediblər. Ölkənin futbol federasiyasından açıqlama: "Biz hər oyun üçün oyunçulara t-shirt vermirik. Futboolçular bu məsələdə daha qənaətcil olmalıdırlar".  



Bunları bilmək də maraqlıdır:


- Pele-nin 1970-ci ildə geyindiyi forma 2002-ci ildə bir italyan futbolçusunun ailəsi tərəfindən $310,000-a satılmışdı.

- Braziliyalı futbolçular 1950-ci ildə Uruqvaya Marakana stadionunda 1-2 məğlub olanadək ağ-qara rəngli formada oynayırdılar. Məğlubiyyəti unutdurmaq üçün federasiya tərəfdarlar arasında sorğu keçirərək sarı rəngli formanı tətbiq edir. Sonuncu Almaniya məğlubiyyətindən sonra da belə bir ehtimal haqqında danışırlar.


-Almaniyanın formasındakı rənglər Prussiya krallığının XIX əsrdə istifadə etdiyi bayraqdan alınmışdır.


3 comments: